Zelenski: Rusiya Ukraynaya növbəti kütləvi zərbə endirməyi planlaşdırır

Rusiya Ukraynaya yeni kütləvi zərbə endirmək üçün hazırlıqları tamamlayır, zərbənin hədəfləri energetika, logistika infrastrukturu və yaşayış məntəqələrindəki həyat təminatlı obyektlər olacaq.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.

"Təəssüf ki, hazırda rusiyalılar artıq yeni kütləvi zərbəyə hazırlığı başa çatdırırlar və kəşfiyyat məlumatlarına görə, hədəflər yenidən energetika və logistika, şəhərlərdə və icmalarda həyat təminatlı obyektlər olacaq", - Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, hazırda o, ölkənin xarici işlər naziri Andrey Sibiqanın tərəfdaşlarla hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələləri üzrə apardığı danışıqların nəticələrini gözləyir.

"Rusiya müəssisələrinə və onların ballistik silahlarının istehsalı ilə əlaqəli olan şəxslərə qarşı yeni sanksiya qərarları da hazırlayırıq. Fəaliyyətimizi tərəfdaşlarla sinxronlaşdıracağıq", - Prezident əlavə edib.

Digər xəbərlər