Livan ordusu atəşkəs rejiminin pozulduğunu bildirib və respublikanın cənub bölgələrinin sakinlərini öz evlərinə qayıtmamağa çağırıb.
"Report" xəbər verir ki, müvafiq bəyanatın yer aldığı paylaşım ordunun mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
"Ordu komandanlığı [atəşkəs] razılaşmasının bir sıra pozuntuları fonunda vətəndaşları cənubdakı kəndlərə və yaşayış məntəqələrinə tələsik qayıtmaqdan çəkinməyə yenidən çağırır. Bir sıra İsrail hücumları, habelə bir neçə yaşayış məntəqəsini əhatə edən vaxtaşırı atəşə tutulma halları qeydə alınıb", - bəyanatda bildirilib.
Qeyd olunub ki, ölkənin ordu rəhbərliyi zəruri təhlükəsizlik tədbirləri görmək üçün vəziyyəti izləyir və xüsusən gecə saatlarında Livanın təhlükəli ərazilərindən uzaq durmağa çağırır.
"Ordu komandanlığı vəziyyətin inkişafını izləməyə davam edir və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görür", - ordunun mətbuat xidmətindən vurğulanıb.
ABŞ Prezidenti Donald Tramp aprelin 16-da bildirib ki, İsrail və Livan Şərq vaxtı ilə saat 17:00-dan etibarən 10 günlük atəşkəs rejiminin tətbiq edilməsi barədə razılığa gəlib. Daha sonra ABŞ Dövlət Departamenti qeyd edib ki, atəşkəs tərəflər arasında birbaşa danışıqların davam etdirilməsi və regionda gərginliyin azaldılması üçün şəraitin yaradılmasına yönəlib.