Yaponiyanın Osaka şəhərində "Böyük iyirmilik" sammiti (G20) öz işini davam etdirir.
"Report" xəbər verir ki, sammitin birinci gününün proqramı məzmunlu olub – liderlərin rəqəmsal iqtisadiyyatın inkişaf məsələlərini, həmçinin dünya gündəliyinin ən aktual mövzularını müzakirə etdikləri zirvənin əsas sessiyaları ilə yanaşı, onların həyat yoldaşları üçün də geniş mədəni proqram təşkil olunub.
Gündüz G20 liderlərinin həyat yoldaşları Osaka yaxınlığında yerləşən və tarixən uzun müddət Yaponiyanın paytaxtı olmuş Kioto şəhərinə gəliblər. Onlar burada rikşada gəziblər, Tofukudzi məbədindəki gölməçədə üzən karp balıqlarını yemləyiblər və çay mərasimində iştirak ediblər.
Axşam sammit sessiyaları öz işini yekunlaşdırdıqdan sonra G20 liderləri öz həyat yoldaşları ilə birgə təntənəli şam yeməyinə toplaşıblar. Mərasim XVI əsrdə inşa edilmiş Osaka qəsri ərazisində yerləşən qonaq otağında baş tutub.
Sammitə bu gün yekun vurulacaq.