Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanması haqqında təklifi dəstəkləyib

Estoniya parlamenti Rusiya ilə sərhəddəki keçid məntəqələrinin bağlanması təklifi ilə hökumətə müraciət edilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Estoniya parlamentinin rəsmi saytında bildirilib.

"Vətən" Partiyasının təşəbbüsünü 37 deputat dəstəkləyib, ikisi əleyhinə səs verib, 36 nəfər isə səsvermədə iştirak etməyib.

Qanun layihəsi sentyabrın 14-də təqdim edilib. Estoniyanın ERR teleradioşirkəti qeyd edib ki, partiya artıq 2025-ci ilin yaz və payız aylarında iki dəfə analoji təkliflərlə çıxış edib, lakin hər iki təşəbbüs rədd olunub.

Daha əvvəl Estoniyanın daxili işlər naziri İqor Taro bildirib ki, Rusiya ilə sərhədin bağlanması haqqında qərar hökumətin iclasında qəbul ediləcək. Onun sözlərinə görə, məhdudiyyətlər həm müvəqqəti, həm də daimi xarakter daşıya bilər.

Xarici işlər naziri Marqus Tsahkna isə dekabrın 1-dən Estoniya və Rusiya arasındakı bütün sərhəd buraxılış məntəqələrini bağlamaq planları barədə məlumat verib.

Digər xəbərlər