"Binance" hakerlərin 6 mlrd dollarlıq kriptovalyuta oğurluğu sxeminin detallarını açıqlayıb

"Binance" təxminən 6,34 milyard dollarlıq kriptovalyuta oğurlayan hakerlərin sxeminin təfərrüatlarını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə ticarət platformasının mətbuat xidməti məlumat yayıb.

Hesabata əsasən, cinayətkarlar hücuma bir neçə ay hazırlaşıblar və tədricən birjanın daxili alətlərinə giriş əldə ediblər. Onlar "Binance"ın parollarını sındırmaq üçün bir neçə üsuldan, o cümlədən sosial mühəndislik, zərərli proqram təminatı, daxili süni intellekt alətlərinin komprometasiyası və əməkdaşların uçot məlumatlarının oğurlanmasından istifadə ediblər. Əsas mərhələlərdən biri şirkət əməkdaşı ilə keçirilən saxta müsahibə olub.

İyunda cinayətkarlar təchizat zəncirinə hücum ediblər: "DevOps" mühəndisi proqram təminatının modifikasiya olunmuş versiyasını quraşdırıb, bu da hakerlərə cüzdan infrastrukturuna giriş əldə etməyə imkan verib.

Sentyabrda cinayətkarlar iş axtarışı platforması vasitəsilə başqa "Binance" əməkdaşı ilə əlaqə qurublar. Özlərini şirkət nümayəndələri kimi təqdim edərək, onlar onunla bir neçə müsahibə keçiriblər və zərərli kodu olan test tapşırığı təklif ediblər.

Oktyabrın 20-də hakerlər mühəndisin yoluxmuş kompüterindən istifadə ediblər, onun həmkarlarının məlumatlarına giriş əldə ediblər və "Binance"in tranzaksiyaların imzalanması üzrə daxili sisteminə sızmağa imkan verən tokeni oğurlayıblar.

Birja sındırılma barədə oktyabrın 29-da məlumat verib. Təxmin edilən zərər 6,3 milyard dollara çata bilərdi. Vəsaitlərin çıxarılması funksiyası bərpa edildikdən sonra istifadəçilər platformadan təxminən 3,64 milyard dollar çıxarıblar.

Digər xəbərlər