Hörmüz boğazının bağlanmasından sonra qiymətlərin artması səbəbindən Avropa qalıq yanacaq idxalına əlavə 127 milyard avro xərcləyib.
"Report" "Rapporteur"a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.
"Hörmüz boğazının bağlandığı vaxtdan bəri idxal olunan qalıq yanacaq Avropaya əlavə 127 milyard avroya başa gəlib, bununla belə, biz heç bir əlavə enerji daşıyıcısı molekulu əldə etməmişik", - o bildirib.
Ursula fon der Lyayenin sözlərinə görə, İranla müharibənin (ABŞ və İsrailin - red.) başlamasından sonra neft və qaz qiymətlərinin artması Avropa İttifaqının (Aİ) qalıq yanacaqdan asılılığının azaldılmasının vacibliyini vurğulayır.
"Buna görə də neft və qaz idxal edərkən biz onlarla bağlı olan sarsıntı və böhranları da idxal etmək riski ilə üz-üzəyik", - o vurğulayıb.
Portal qeyd edir ki, fevralın sonunda Yaxın Şərqdə müharibədən əvvəl dəniz yolu ilə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri Hörmüz boğazından keçirdi.