ABŞ-nin birinci xanımı Melaniya Tramp Ağ Evdə Rusiya və Ukrayna nümayəndələri ilə Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində atəşkəsə həsr olunmuş görüş keçirmək niyyətindədir.
"Report" Ağ Evin bəyanatına istinadən xəbər verir ki, tədbir noyabrın 5-nə planlaşdırılıb.
"Xanım Tramp müharibə aparan iki ölkə arasında dialoq təşəbbüsü ilə müstəqil şəkildə çıxış edib və Oleşkidə, eləcə də Xerson vilayətində uğurla atəşkəsə nail olub. Bu nailiyyət ABŞ-nin birinci xanımının misilsiz diplomatik təşəbbüsünün nəticəsidir", - bəyanatda bildirilir.
Cümə axşamı ABŞ-nin Şərq sahili vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə 20:00-da) Melaniya Trampın əldə edilmiş atəşkəs barədə bəyanatla çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, oktyabrın 23-də ABŞ-nin birinci xanımı Melaniya Tramp bildirib ki, Rusiya və Ukrayna humanitar yardımın çatdırılması və dinc sakinlərin xüsusi müəyyən edilmiş təhlükəsiz dəhliz vasitəsilə təxliyə edilməsi üçün Oleşki şəhərində hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə razılığa gəlib.