Berlində "Gen Z regelt" hərəkatının aksiyasında 1 200-ə yaxın şəxs iştirak edib

Berlindəki Şarlottenburq rayonunda şənbə günü gənclər hərəkatı "Gen Z regelt"in ("Z nəsli qərar verir") təşkil etdiyi aksiyada 1 200-ə yaxın şəxs iştirak edib.

"Report" xəbər verir ki, bu barədə "Berliner Zeitung" nəşri məlumat yayıb.

Yerli polis idarəsinin məlumatına görə, nümayişlər zamanı 22 nəfər saxlanılıb, ictimai asayişin pozulması, hücum, saxlanılmaya müqavimət göstərilməsi və partlayıcı maddələrlə davranış qaydalarının pozulması ilə bağlı 13 cinayət işi açılıb.

Bildirilib ki, aksiya iştirakçıları Savinyi meydanında toplaşdıqdan sonra Kurfürstendamm küçəsi ilə Halensee stansiyasına doğru yürüş ediblər. İştirakçıların əksəriyyətinin yaşı 30-dan az olub. Asayişin qorunması üçün əraziyə təxminən 700 polis əməkdaşı cəlb edilib.

Aksiya iştirakçıları məcburi hərbi xidmətə çağırışın bərpa edilməsinə, məktəblərin, universitetlərin və sosial xidmətlərin kifayət qədər maliyyələşdirilməməsinə, eləcə də qiymətlərin artmasına etiraz ediblər. Onların tələbləri arasında iqlimin qorunması istiqamətində tədbirlərin gücləndirilməsi də yer alıb. Aksiyaya Kommunist Gənclər İttifaqının və digər təşkilatların nümayəndələri də qoşulublar.

Qeyd edək ki, bu, hərəkatın Berlində keçirdiyi ikinci böyük aksiyadır. Oktyabrın 31-də Brandenburq qapıları qarşısında keçirilən nümayişdə polisin məlumatına görə, təxminən 5 min nəfər iştirak edib. Təşkilatçılar isə iştirakçıların sayının 11 min olduğunu açıqlayıblar.

Növbəti genişmiqyaslı aksiya noyabrın 20-də ümumavropa gənclər tətili çərçivəsində planlaşdırılıb. "Gen Z regelt" hərəkatı Almaniyanın hər yerində etiraz aksiyaları keçirməyə çağırıb. Berlində tədbirdə iştirak etmək üçün 15 min nəfər qeydiyyatdan keçib. Paytaxtda Brandenburq qapıları qarşısında və Aleksandrplatzda ayrıca nümayişlərin də keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər