Yaponiya müdafiə sahəsində süni intellektdən istifadə üzrə yeni konsepsiya təqdim edəcək

Yaponiya Müdafiə Nazirliyi təhlükəsizlik sahəsində, o cümlədən ölkənin Özünümüdafiə Qüvvələrində süni intellektdən istifadə ilə bağlı yeni konsepsiya hazırlayacaq.

"Report" TBS telekanalına istinadən xəbər verir ki, bunu qurumun rəhbəri Sindziro Koizumi bildirib.

Onun sözlərinə görə, "Defense AI Vision" adlanan sənəd 2026-cı il noyabrın sonunda təqdim olunacaq. Sənəddə süni intellektin müdafiə nazirliyinin və silahlı qüvvələrin fəaliyyətinə tətbiqinin gələcək istiqamətləri müəyyənləşdiriləcək.

2024-cü ildə Yaponiya Müdafiə Nazirliyi süni intellekt texnologiyalarının inkişafı ilə bağlı əsas siyasət sənədini təsdiqləyib. Lakin Koizumi oktyabrda milli təhlükəsizlik sahəsində əsas sənədlərin yenilənməsini nəzərə alaraq həmin siyasətə yenidən baxmaq niyyətində olduqlarını açıqlayıb.

Müdafiə strategiyasına və digər müvafiq sənədlərə yenidən baxılması təşəbbüsü Baş nazir Sanae Takaiçi vəzifəyə başladıqdan sonra irəli sürülüb. İşlərin 2026-cı ilin sonunadək başa çatdırılması gözlənilir.

Yaponiya mediasının məlumatına görə, yenilənmiş sənədlərdə süni intellektin tətbiqinə və pilotsuz sistemlərin inkişafına xüsusi diqqət yetiriləcək.

Digər xəbərlər