Avstraliyada terror aktından sonra komissiya yaradılıb

Avstraliyada ötən il dekabrın 14-də Sidneyin Bondi çimərliyində 15 nəfərin ölümü ilə nəticələnən cinayət işinin araşdırılması üçün kral komissiyası yaradılıb.

"Report" BBC telekanalına istinadən xəbər verir ki, bunu Baş nazir Entoni Albaneze bildirib.

Onun sözlərinə görə, bu, ölkədə müstəqil araşdırma aparmaq üçün ən nüfuzlu komissiyadır.

Bundan əvvəl Albaneze silah haqqında qanuna yenidən baxılacağını istisna etməyib. O, həmçinin antisemitizmlə mübarizə tədbirlərinin, kəşfiyyat və hüquq-mühafizə orqanlarının fəaliyyətinin yoxlanılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, faciənin baş verdiyi çimərlikdəki bayram tədbirinə yəhudi icmasının təxminən 2 min nümayəndəsi gəlmişdi. Terror aktı nəticəsində 38 nəfər yaralanıb.

Avstraliya polisi atəş açanlardan birini zərərsizləşdirib. Terror aktının digər icraçısı Navid Əkrəm isə saxlanılıb. Polis onun İŞİD terror qruplaşması ilə əlaqəli olduğunu ehtimal edir. Terrorçuya 59 epizod üzrə ittihamlar irəli sürülüb.

Digər xəbərlər

Tacikistanda zəlzələ olub 09 yanvar, 2026 / 02:24
Tramp: Kuba çətin vəziyyətdədir 08 yanvar, 2026 / 23:54