Ukraynanın gələn il üçün ümumilikdə ən azı 115 milyard avro maliyyə yardımına ehtiyacı var.
"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yerli və Regional Hakimiyyət Orqanları Konqresinin iclasının iştirakçılarına müraciətində bildirib.
"Ukraynanın davam gətirmək üçün gələn il ən azı 115 milyard avroya ehtiyacı var. Biz başa düşürük ki, Ukrayna 90 milyard avro alacaq. 25 milyard avro tapmalıyıq. Əminəm ki, buna nail olacağıq", - o qeyd edib.
Onun sözlərinə görə, Avropa Komissiyası artıq zəruri vəsaitin ayrılması mexanizmini təqdim edib və Kiyev onun dəstəklənməsi barədə avropalı tərəfdaşlarla danışıqlar aparır.
V.Zelenski həmçinin qeyd edib ki, əhalinin və kritik infrastrukturun qorunması, enerji və logistika dayanıqlığının təmin edilməsi, eləcə də Rusiyanın zərbələrindən sonra obyektlərin operativ qaydada bərpası hökumətin əsas vəzifələri sırasında yer alır. O, mərkəzi və yerli hakimiyyət orqanları, həmçinin dövlət və özəl enerji şirkətləri arasında qarşılıqlı fəaliyyəti gücləndirməyə çağırıb.
V.Zelenski eyni zamanda Macarıstanın Baş naziri ilə Zakarpatyedə gözlənilən görüş barədə məlumat verərək, bunun ikitərəfli münasibətlər və Ukraynanın Avropaya inteqrasiyası üçün əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, Kiyev Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üzərində işi davam etdirir və qonşu ölkələrlə konstruktiv münasibətləri inkişaf etdirməyə can atır.
"Həmçinin qonşularımızla daha yaxın və konstruktiv münasibətlərin olması üçün lazım olan hər şeyi edirik. Hazırda Macarıstan, Polşa, Rumıniya və Moldova ilə buna nail olmuşuq. Bu yaxınlarda Ukrayna və Slovakiya Baş nazirlərinin görüşü baş tutub və bütün çağırışlara, çətinliklərə baxmayaraq, Slovakiya ilə də konstruktiv məzmunlu münasibətlərimiz var", - Ukrayna lideri vurğulayıb.