Aİ COP31-in nəticələrini dəstəkləməyib və iqlim maliyyələşdirilməsi ilə bağlı tənqidlərlə üzləşib

Avropa İttifaqı (Aİ) BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci konfransının (COP31) yekun sənədini yetərincə iddialı hesab etməyib və qalıq yanacaq mənbələrindən ekoloji cəhətdən təmiz alternativlərə keçidlə bağlı aydın öhdəliklərin olmaması səbəbindən onu dəstəkləməkdən imtina edib.

"Report"un Avropa bürosunun məlumatına görə, Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen qeyd edib ki, Avropa İttifaqı qalıq yanacaqdan imtina edilməsi ilə bağlı xatırlatmanın olmadığı və bununla da iqlim çağırışlarının miqyasına cavab verməyən yekun sənədi təsdiqləyə bilməzdi.

Onun sözlərinə görə, Avropa İttifaqı son ana qədər danışıqlar prosesində fəal iştirak edib və daha iddialı ifadələrin yer almasına nail olmağa çalışıb, lakin mətndə əhəmiyyətli dəyişikliklərin qeyri-mümkün olduğuna əmin olduqdan sonra sənədi təsdiqləməmək barədə qərar qəbul edib.

Bununla yanaşı, Aİ-nin iqlim maliyyələşdirilməsi ilə bağlı mövqeyi bir sıra inkişaf etməkdə olan ölkələr və iqlim təşkilatlarının nümayəndələri tərəfindən tənqidə səbəb olub. Onlar inkişaf etmiş dövlətlərin iqlim dəyişikliyinin fəsadlarına ən çox məruz qalan dövlətlərin xeyrinə əlavə maliyyə öhdəlikləri götürməyə yetərincə hazır olmadığını vurğulayıblar.

Əsas yekun siyasi sənəd üzrə fikir ayrılıqlarına baxmayaraq, COP31 çərçivəsində iqlim gündəliyinin bir sıra istiqamətləri üzrə razılaşmalar əldə etmək mümkün olub. Xüsusilə tərəflər iqlim dəyişmələrinə uyğunlaşma üzrə qlobal hədəf göstəricilərinin hazırlanması üçün işçi qrupunun yaradılması, eləcə də ədalətli keçid mexanizmi üzərində işin davam etdirilməsi barədə razılığa gəliblər. Bundan başqa, Paris Sazişi çərçivəsində iqlim hesabatlılığının şəffaflığı haqqında bəyannamə qəbul edilib.

Aİ və onun üzv dövlətlərinin COP31 üzrə birgə bəyanatında vurğulanır ki, yekun layihə Paris Sazişinin tələblərinə cavab vermirdi və qlobal istiləşmənin 1,5 dərəcə Selsi həddinə mümkün qədər yaxın saxlanılması üçün zəruri olan tədbirlərin təxirəsalınmazlığını əks etdirmirdi.

Bununla belə, Avropa İttifaqı çoxtərəfli iqlim prosesindən imtina etmək niyyətində deyil.

Digər xəbərlər