Dublin Sammitinin əsas müzakirə mövzularından olan beynəlxalq bağlantılar məsələsi Azərbaycan üçün xüsusi strateji əhəmiyyət daşıyır.
Bunu "Report"a açıqlamasında Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin (ASB) İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Zirvə toplantısında iştirakını dəyərləndirən Milli Məclisin deputatı Rövşən Muradov deyib.
O qeyd edib ki, sammit çərçivəsində Azərbaycanla Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə Orta Dəhlizin inkişafına dəstəyin ifadə olunması Azərbaycanın Avrasiya nəqliyyat sistemində artan roluna verilən diqqətin göstəricisidir:
"Qlobal ticarətdə rəqabət artıq yalnız daşınma məsafəsi və tariflər üzərində qurulmur. Yüklərin vaxtında çatdırılması, sərhəd prosedurlarının çevikliyi, logistika xidmətlərinin keyfiyyəti və təchizat zəncirlərinin etibarlılığı da mühüm iqtisadi meyarlardır. Bu baxımdan, Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı sərmayələr tranzit imkanlarının genişlənməsi ilə yanaşı, logistika, emal sənayesi və xidmət sektorlarında əlavə iqtisadi fəaliyyətin yaranmasına xidmət etməlidir. Böyük Britaniya ilə bu sahələrdə mümkün əməkdaşlıq beynəlxalq təcrübənin tətbiqinə və investisiya imkanlarının genişlənməsinə töhfə verə bilər".
"Bəyannamədə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət prinsiplərinin təsdiqlənməsi, eləcə də 2025-ci il avqustun 8-də qəbul edilmiş Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinə istinad olunması mühüm diplomatik məna daşıyır. Böyük Britaniyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərinə dəstəyini ifadə etməsi regionda davamlı sülhün beynəlxalq əhəmiyyətini göstərir. İqtisadi nöqteyi-nəzərdən sabit təhlükəsizlik mühiti sərmayə risklərinin azalmasına, uzunmüddətli layihələrin planlaşdırılmasına və regional ticarətin genişlənməsinə əlverişli şərait yaradır. Bu səbəbdən, Azərbaycanın sülh gündəliyi həm də regionun iqtisadi potensialının daha səmərəli istifadəsinə yönəlmiş mühüm strateji amildir".
Deputat vurğulayıb ki, bütövlükdə Dublin Zirvə Toplantısı və onun çərçivəsində Azərbaycanla Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkənin beynəlxalq iqtisadi münasibətlərdə artan imkanlarını nümayiş etdirir:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu, tranzit üstünlüklərini və investisiya potensialını qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın mühüm amillərinə çevirib. Qarşıdakı dövrün əsas vəzifəsi bu üstünlükləri daha yüksək əlavə dəyər yaradan istehsalın inkişafına, iqtisadiyyatın texnoloji yenilənməsinə və milli rəqabət qabiliyyətinin güclənməsinə yönəltməkdir. Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının uzunmüddətli əhəmiyyəti də məhz siyasi etimadın və iqtisadi əməkdaşlığın ölkəmizin dayanıqlı inkişafına xidmət edən real nəticələrə çevrilməsi ilə müəyyən olunacaq".