"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarında azərbaycanlıların qovulması nəticəsində boşalmış Axta kəndinin tarixi haqqında araşdırma hazırlanıb.
"Report" xəbər verir ki, Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarına qədər yaşadıqları azərbaycanlı kəndi çar Rusiyası və sovet dövrlərində Axta adlandırılıb. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Vayots Dzor vilayətinin tərkibindədir.
XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi Naxçıvan xanlığının Dərələyəz mahalının tərkibində olub. Çar Rusiyası dövründə isə kənd İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının tərkibində olub.
1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsvirinə əsasən, Axta kəndində 187 nəfər azərbaycanlının əcdadları yaşayıb. Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1915-ci ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya əsasən azərbaycanlıların əcdadları yaşayıblar: 1873-cü ildə 290, 1886-cı ildə 304, 1897-ci ildə 426, 1908 və 1914-cü illərdə isə 458 nəfər.
1918-1920-ci illərdə erməni silahlı qüvvələrinin təqib və etnik təmizləmələrinə məruz qalan kənd 1920-ci ilin iyununda erməni qoşunları tərəfindən zəbt edilib. Bu təqiblər nəticəsində türk sakinlərin sayı kəskin azalıb; 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınmasına əsasən, kənddə hamısı azərbaycanlı olmaqla 129 nəfər yaşayıb. Sovet dövründə kənd əvvəlcə Paşalı rayonunun tərkibində olub, rayonun adı sonradan dəyişdirilərək əvvəl Əzizbəyov, daha sonra isə Vayk qoyulub.
Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində azərbaycanlılar yaşayıblar: 1926-cı ildə 131 nəfər (onlardan 129-u azərbaycanlı), 1931-ci ildə isə 199 nəfər azərbaycanlı qeydə alınıb. 1948–1953-cü illərdə sovet hakimiyyətinin həyata keçirdiyi deportasiya nəticəsində 1952-ci ildə kəndin 170 azərbaycanlı sakini zorla Azərbaycanın Yevlax rayonuna köçürülüb. Buna baxmayaraq, sonrakı illərdə də kənddə azərbaycanlı əhali yaşamaqda davam edib: 1959-cu ildə 202, 1970-ci ildə 379, 1989-cu ildə isə 251 nəfər.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. Azərbaycanlıların qovulmasından sonra kəndə yerləşdirilən ermənilər sonradan torpaq sürüşmələri səbəbindən qonşu yaşayış məntəqələrinə köçüblər, nəticədə Axta faktiki olaraq boşalıb və baxımsız qalıb. Kənddəki qəbiristanlıqda türk dəfn mədəniyyəti üçün səciyyəvi olan daş zoomorf qəbirüstü abidələr yerləşib.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdө Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün aparılan geniş sahə işləri zamanı kənddə bir hissəsi salamat qalmış onlarla məzar daşının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib.