Azərbaycançılıq ideologiyası hər bir vətəndaşı ölkənin gələcəyinə şərik edən bir milli ideyadır.
Bu fikri "Report"a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 8 Noyabr – Zəfər Günü münasibətilə müraciətində səsləndirdiyi "Milli-mənəvi dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür" fikri Azərbaycanın uğurlarının mənəvi qaynağını ifadə edir.
"Dövlət başçısının azərbaycançılığı bütün nailiyyətlərimizin təməlində dayanan fəlsəfə kimi səciyyələndirməsi həm keçdiyimiz yolun, həm də gələcək inkişafımızın mahiyyətini açır. Bir ölkənin gücünü onun iqtisadi göstəriciləri, təbii sərvətləri və hərbi imkanları ilə ölçmək mümkündür. Ancaq bu imkanları ortaq məqsədə yönəldən, çətin məqamlarda cəmiyyəti bir arada saxlayan məhz mənəvi bağlardır. Azərbaycanı irəliyə aparan da xalqımızın Vətənə bağlılığı, dövlətçilik düşüncəsi, qarşılıqlı etimadı və həmrəyliyidir. Milli-mənəvi dəyərlərimiz keçmişdən aldığımız miras olmaqla yanaşı, gələcək qurmaq üçün də söykəndiyimiz gücdür", - T.Mirkişili bildirib.
"Bu məfkurə fərqli mədəniyyətləri ortaq Vətən sevgisi ətrafında birləşdirir. Dilimizə, tariximizə, dövlət rəmzlərimizə hörmət, bir-birimizin inancına və adətlərinə, həyat tərzinə ehtiram həmin birliyin gündəlik həyatda ifadəsidir.
Prezidentin müraciətində müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinin Azərbaycanda bir ailə kimi yaşamasına diqqət çəkilməsi də bu baxımdan xüsusi məna daşıyır. Azərbaycançılığın mənəvi mühitində dini ayrı-seçkiliyə yer yoxdur. İnsanları yaxınlaşdıran qarşılıqlı hörmət, ortaq vətəndaşlıq məsuliyyəti və eyni yurda bağlılıqdır. Bir ailənin üzvləri kimi bir-birinin sevincini bölüşmək, çətin günündə yanında olmaq bu birliyi yaşadan əsas keyfiyyətlərdir".
T.Mirkişili həmrəylik anlayışının həm də mühüm inkişaf resursu olduğunu hesab etdiyini diqqətə çatdırıb:
"İnsanların bir-birinə etimad göstərdiyi, öz gələcəyini ölkəsinin gələcəyi ilə bağladığı cəmiyyətdə əməkdaşlıq, yaradıcılıq, təşəbbüskarlıq və quruculuq üçün daha möhkəm zəmin yaranır. Milli dəyərlərə bağlılıq müasir biliklərə, texnologiyalara və yeniliyə açıq olmaqla tamamlandıqda davamlı tərəqqiyə xidmət edir. Dəyərlərimizi yaşatmaq həm də vicdanla çalışmaq, məsuliyyətli vətəndaş olmaq və gələcək nəsillər üçün daha güclü ölkə qurmaq deməkdir.
Bu gün əsas vəzifələrimizdən biri həmin mənəvi birliyi gələcək nəsillərə ötürməkdir. Azərbaycanda bütün vətəndaşların həmrəy yaşaması və azərbaycançılıq məfkurəsini ortaq milli ideya kimi yaşatması gələcəyimizin ən möhkəm dayağıdır. Bizi birləşdirən təkcə eyni torpaqda yaşamağımız deyil, o torpağın gələcəyi üçün birlikdə çalışmağımız və məsuliyyət daşımağımızdır".