"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarında azərbaycanlıların qovulması nəticəsində boşalmış Oxçuoğlu (Voxçi) tarixi haqqında araşdırma hazırlanıb.
"Report" xəbər verir ki, Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarına qədər yaşadıqları azərbaycanlı kəndi çarizm Rusiyası dövründə Oxçuoğlu, sovet dövründə Oxçoğli adlandırılıb.
Kənd ən azı 105 il ərzində Oxçuoğlu adını daşıyıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Voxçi qoyulub.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Şirak vilayətinin tərkibindədir. Çar Rusiyası dövründə kənd Qars vilayətinin Qars dairəsinə aid olub. Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1915-ci ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlılar yaşayıblar. Ayrı-ayrı mənbələrdə onlar qarapapaqlar (azərbaycanlıların etnoqrafik qrupu) kimi göstəriliblər.
1903-cü ildə kənddə hamısı qarapapaqlar olmaqla 756, 1911-ci ildə 930 nəfər, əsasən, qarapapaqlar yaşayıblar.
Oxçuoğlu sakinlərinin etnik təmizləməyə məruz qaldıqlarını kənddə türk sakinlərin sayının kəskin azalması sübut edir. Bu, əvvəlki illərin məlumatlarını 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması nəticələri ilə müqayisə etdikdə görünür. 1922-ci ildə kənddə 454 nəfər yaşayıb, onlardan 453 nəfəri azərbaycanlı olub. Sovet dövründə kənd Ağbaba rayonunun tərkibində olub, rayon sonradan Amasiya adlandırılıb. Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində azərbaycanlılar yaşayıblar. 1959-cu ildə kənddə 1087 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar. 1970-ci ildə kənddə 1412, 1979-cu ildə 150, 1989-cu ildə 110 nəfər yaşayıb.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. Azərbaycanlıların qovulmasından sonra kəndə ermənilər yerləşdiriliblər.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir hissəsi salamat qalmış onlarla məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib.