Azərbaycan şirkətləri Ukraynanın bərpası üzrə layihələrdə iştiraka maraq göstərir və ölkəni uzunmüddətli strateji iqtisadi tərəfdaş kimi nəzərdən keçirirlər.
"Report xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "İnterfaks-Ukrayna" agentliyinə müsahibəsində bildirib.
"Azərbaycan biznesi Ukraynaya təkcə bərpa dövründə yeni imkanlar mənbəyi kimi deyil, həm də uzunmüddətli strateji iqtisadi tərəfdaş kimi baxır", - Y.Qusev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan biznes ən çox energetika, hasilat sənayesi, kritik infrastrukturun bərpası, tikinti, aqrar-sənaye kompleksi, logistika, nəqliyyat, həmçinin rəqəmsal texnologiyalar və telekommunikasiya sahələri ilə maraqlanır.
Səfir, həmçinin vurğulayıb ki, Azərbaycanın Qarabağın infrastrukturunun bərpası və inkişafı təcrübəsi Ukrayna üçün mühüm maraq kəsb edir.
Onun sözlərinə görə, Azərbaycan zərər çəkmiş infrastrukturun bərpasında artıq Ukraynaya praktiki yardım göstərir: "Xüsusilə, Azərbaycanın və SOCAR-ın dəstəyi ilə poliklinika və İrpen şəhərində akademik Zərifə Əliyeva adına "Linqvist" humanitar liseyi bərpa edilib. İrpen icması üçün dörd yeni sosial layihənin həyata keçirilməsi üzrə birgə iş aparılır".
Diplomat, həmçinin əlavə edib ki, dənli və yağlı bitkilərin emalı, qida məhsullarının istehsalı, suvarma sistemlərinin və aqrar-texnologiyaların və s. inkişafı üzrə birgə müəssisələrin yaradılması ikitərəfli əməkdaşlığın perspektivli istiqamətləridir.
"Logistika və nəqliyyat sahəsində Orta Dəhlizin inkişafını nəzərə alaraq, Azərbaycan şirkətləri Avropa, Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat imkanlarının genişləndirilməsində maraqlıdırlar. Qara dəniz logistikasının tam fəaliyyəti bərpa edildikdən sonra Ukrayna bu marşrutun mühüm halqasına çevrilməlidir", – səfir vurğulayıb.
Bundan əlavə, diplomat "NEQSOL Holding" şirkətinin fəaliyyətini və "Vodafone Ukrayna"nın inkişafını nümunə göstərərək, rəqəmsal texnologiyalar və telekommunikasiya sahəsində qarşılıqlı fəaliyyət potensialını qeyd edib.