Bu il noyabr ayında paytaxtda fərdi yaşayış və bağ evlərinin qiymətində oktyabr ayı ilə müqayisədə 2,41 % azalma, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 8,78 % artım olub.
Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, fərdi yaşayış və bağ evləri bazarı üzrə bahalı evlərin (1 kv.metrin qiyməti 1 200 manatdan yuxarı) qiyməti 4,47 % azalıb, il ərzində 5,29 % artıb. Orta qiymətə olan evlərin (1 kv.metrin qiyməti 800-1 200 manat civarında) qiyməti ay ərzində 5,85 %, il ərzində 3,42 % ucuzlaşıb, ucuz evlərin isə (1 kv.metrin qiyməti 800 manatdan aşağı) qiymətində ay ərzində 6,55 %, il ərzində 8,66 % azalma olub.
"Fərdi yaşayış və bağ evlərinin kirayəsi bazarında bahalı evlərin (1 000 manatdan baha) kirayə qiymətində ay ərzində 3,64 % azalma, il ərzində 4,7 % artım, orta qiymətə olan evlərin (500-1 000 manat civarında) kirayə qiymətində ay ərzində 2,13 % azalma, il ərzində 1,15 % artım, ucuz evlərin (500 manatdan ucuz) kirayə qiymətində isə ay ərzində 2,93 %, il ərzində 5,7 % azalma olub", - N. İbrahimov bildirib.