Bakıda Caspian European Club tərəfindən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin birinci müavini Natiq Həsənovun iştirakı ilə keçirilmiş ilk onlayn B2G forum çərçivəsində COVID-19 koronavirus pandemiyası dövründə sahibkarların üzləşdikləri problemlər müzakirə olunub.
Bu barədə "Report" CEC-ə istinadən məlumat verir.
N.Həsənov pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə, o cümlədən kiçik və orta sahibkarlara göstərilən maliyyə dəstəyi, eləcə də nəzərdə tutulan yeni dəstək mexanizmləri barədə məlumat verib, sahibkarların suallarını cavablandırıb.
Onlayn B2G forumunda çıxış edən Caspian European Club-ın sədri və baş icraçı direktoru Telman Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi tapşırıqları əsasında COVID-19 koronavirus pandemiyası dövründə sahibkarlara maksimum dərəcədə dəstək verən hökumətin iqtisadi blokunun nümayəndələrinin fəal mövqeyini vurğulayıb.
Qeyd edək ki, Caspian European Club-ın hər ay Azərbaycan, Gürcüstan və Qazaxıstanda təşkil etdiyi B2G forumları dövlət və özəl sektor arasında dialoq üçün aparıcı vasitə olmaqla yanaşı, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu şirkətlərinin top-menecerləri və nümayəndələri ilə beynəlxalq biznes-netvorkinq üçün əlavə imkanlar yaradır. Aprelin 22-dən B2G forumları hər həftə onlayn rejimdə keçiriləcək.
İki saat yarım davam edən birinci onlayn B2Gforumun işində dövlət və özəl şirkətlərin top-menecerləri, bir sıra beynəlxalq təşkilatların və aparıcı kütləvi informasiya vasitələrinin rəhbər və nümayəndələri iştirak ediblər.
Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Caspian European Club-ın mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-ın həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.