Bakı. 5 mart. REPORT.AZ/ Bakıda “Caspian European Club” sədrinin müavini və baş icraçı direktoru Telman Əliyevin sədrliyi ilə qurumun İdarə Heyətinin (İH) III iclası keçirilib.
“Report”a daxil olan məlumata görə, toplantıda klubun strategiyası, həmçinin 2018-ci ilin sonuna kimi həyata keçirilməsi zəruri olan yeni layihələr müzakirə olunub.
T.Əliyev iclasın İH üzvlərinin və “Caspian European Club”un işçi komitələrinin rəhbərlərinin iştirakı ilə hər ay keçirildiyini qeyd edib: "Hər toplantı ənənəvi olaraq İH üzvlərinin bir ofisində təşkil olunur. Budəfəki iclas Avni Dəmirçinin rəhbərlik etdiyi “Ziraat Bank (Azerbaijan)”ın ofisində baş tutub. A.Dəmirçi eyni zamanda həm də “Caspian European Club”un tərkibinə daxil olan “Banking & Finance Committee”nin rəhbəridir".
İclasda İH-nin hər bir üzvü hesabat təqdim edib, rəhbərlik etdiyi işçi komitəsinin cari fəaliyyəti və gələcək planları barədə məlumat verib. Bundan əlavə, toplantıda lin sonuna qədər keçirilməsi nəzərdə tutulan tədbirlər planı təsdiqlənib. Aprelin 18-nə planlaşdırılan “5-ci Beynəlxalq Caspian Energy Forum Tbilisi – 2018”, iyun ayında baş tutacaq “6-cı Caspian Energy Forum Naxhchivan – 2018”, eləcə də müvafiq olaraq sentyabr və dekabr aylarında keçiriləcək “Caspian Energy Forum Baku – 2018” və “Caspian Energy Forum Prague – 2018”ə hazırlıq müzakirə olunub.
“Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyun ayında yaradılıb. “Caspian European Club”, "Caspian American Club” və “Caspian Asian Club”un sədri Prezident İlham Əliyevdir.