II Türkiyə-Azərbaycan İnvestisiya Forumunda 500-dən çox iştirakçı gözlənilir

Dekabrın 23-də Bakıda - Heydər Əliyev Mərkəzində Türkiyə-Azərbaycan İş Forumu keçiriləcək.

"Report" xəbər verir ki, bunu Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) nümayəndəsi Salih Tüfekçi Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumuna dair mətbuat konfrasında bildirib.

"Bu forum Türkiyə-Azərbaycan iş əlaqələrində mühüm mərhələlərdən biri, iş dünyasına dəyərli töhfələrdəndir. Heydər Əliyev Mərkəzində yenə iki dövlətin yüksək səviyyəli rəhbərlərinin, nazirlərinin və böyük iş adamlarının qatılacağı bir forum təşkil olunacaq. O cümlədən, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycanın Baş naziri Əli Əsədov da forumda iştirak edəcək", - deyə o qeyd edib.

Tədbirdə çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı isə deyib ki, I Azərbaycan-Türkiyə İnvestisiya Forumunda 600-dən çox iştirakçı olub, çox faydalı müzakirələr aparılıb.

"Bu il də biz yüksək səviyyəli hökumət və biznes nümayəndələri daxil olmaqla 500-dən çox iştirakçı gözləyirik. Altı panel sessiyamız olacaq. Onlar müxtəlif sahələri - texnologiya, iqlim və şəhərsalmanı əhatə edəcək, həmin sahələrə investisiya cəlb olunması istiqamətində müzakirələrlə yadda qalacaq", - deyə o qeyd edib.

Digər xəbərlər