Hazırda ölkələr ticarət tərəfdaşlarını və təchizat mənbələrini şaxələndirməlidirlər.
"Report" xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) prezidenti Masato Kanda sosial şəbəkədəki hesabında bildirib.
Onun sözlərinə görə, Asiya və Sakit okeanı regionunda inflyasiyanın ötən ilki 3 %-dən bu il 4,2 %-ə yüksələcəyi gözlənilir: "Şoklar artıq region iqtisadiyyatlarını bir-birinə bağlayır. İmkanlarla bağlı vəziyyət isə fərqlidir. ADB-nin prezidenti kimi yeni səlahiyyət müddətimdə aradan qaldırmaq niyyətində olduğumuz boşluq məhz budur. Bu boşluğun aradan qaldırılması regionumuzun hüdudlarından çox-çox kənarda da böyük əhəmiyyət daşıyır. Dünya əhalisinin yarıdan çoxu Asiya və Sakit okean regionunda yaşayır. İqtisadiyyatlarımızın bu il 5 % artacağı proqnozlaşdırılır ki, bu da regionu qlobal iqtisadi artımın güclü mühərrikinə çevirir. Lakin onilliklər boyu çəkilən gərgin zəhmət bahasına qazanılmış bu tərəqqiyə zəmanət verilmir".
M.Kanda bildirib ki, çağırışlar hər bir ölkədə aydın şəkildə görünür: "Bir ölkədə artıq elektrik enerjisi olduğu halda, qonşusu enerji qıtlığı ilə üzləşir. Bir bazardakı investorlar səmərəli layihələr tapmaqda çətinlik çəkdiyi halda, sərhədin o tayındakı bizneslər maliyyə çatışmazlığından əziyyət çəkir. Hər bir iqtisadiyyat digərlərinin ehtiyac duyduğu güclü tərəflərə malikdir. Bizim vəzifəmiz bu güclü tərəflərin bir-biri ilə görüşməsini asanlaşdırmaqdır. Bu, hökumətlərdən müvafiq seçimlər tələb edir. Sağlam iqtisadi idarəetmə və investisiyaları təşviq edən tənzimləmələr hələ də həlledici rol oynayır. Ölkələr həmçinin ticarət tərəfdaşlarını və təchizat mənbələrini şaxələndirməlidirlər. Milli islahatlardan əlavə, onlara enerji, əmtəə, informasiya və maliyyə resurslarının sərhədlər boyu daha sərbəst və təhlükəsiz hərəkətinə imkan verən vahid qaydalar və sistemlər lazımdır".
O əlavə edib ki, heç bir hökumət bu sistemləri təkbaşına qura bilməz: "Sərhədlərarası layihələr bir neçə ölkəyə fayda verdiyi üçün onların xərcləri və gəlirləri nadir hallarda tək bir büdcə çərçivəsinə sığır. Nəticədə, hamı üçün dəyər yarada biləcək layihələr çox vaxt icra olunmamış qalır. Regional təsisatların bu istiqamətdə hərəkətə keçmək məsuliyyəti var. Onlar hökumətləri bir araya gətirməli, investorların maliyyələşdirə biləcəyi layihələr hazırlamalı və özəl kapitalın təkbaşına daşıya bilməyəcəyi risklərin idarə olunmasına kömək etməlidirlər".
Onun sözlərinə görə, ADB artıq öz maliyyə və texniki təcrübəsini bu işə yönəldib: "Pan-Asiya Elektrik Şəbəkəsi Təşəbbüsü vasitəsilə 2035-ci ilə qədər 50 milyard ABŞ dolları həcmində vəsait səfərbər etməyi hədəfləyirik. Məqsəd 20 giqavat bərpaolunan elektrik enerjisinin sərhədlərarası axınını təmin etmək, 200 milyon insanın elektrik enerjisinə çıxışını yaxşılaşdırmaqdır. Elektrik ötürücü xətlərinin tikintisi işin yalnız bir hissəsidir. Ölkələr həmçinin tariflər, texniki standartlar və elektrik enerjisi ticarətini tənzimləyən qaydalar barədə razılığa gəlməlidirlər. Asiya-Sakit Okean Rəqəmsal Magistralı rabitə sahəsi üçün 2035-ci ilə qədər daha 20 milyard ABŞ dolları səfərbər ediləcək. Təşəbbüs 650 milyona qədər insanın, o cümlədən ilk dəfə etibarlı genişzolaqlı internetə çıxış əldə edə biləcək təxminən 200 milyon nəfərin internet bağlantısını yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Bu təşəbbüs həmçinin təqribən 300 000 məktəbi və 25 000-dən çox xəstəxana və səhiyyə müəssisəsini şəbəkəyə qoşacaq".