Bakıda noyabrda daşınmaz əmlak ucuzlaşıb

Bu ilin noyabr ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər oktyabr ayına nisbətən 0,9 % azalıb, illik müqayisədə isə 12,9 % artıb.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

Mənzil bazarı

Onun sözlərinə görə, ötən ay paytaxtda təkrar mənzillərin qiyməti (1 kvadrat metrə görə daimi struktur ilə orta qiymət) 0,55 %, son 1 ildə isə 8,1 % artıb: “Təkrar mənzil bazarında yeni tikililərdə mənzillərin (1 kvadratmetrə görə) qiymətlərində ay ərzində 6,5 %, il ərzində 8,3 %, köhnə tikililərdə mənzillərin qiymətlərində (1 kvadrat metrə görə) ay ərzində 1,1 %, il ərzində 13,25 % artım qeydə alınıb. Bazarda təklif sayı ay ərzində 0,4 % azalıb, il ərzində 10 % artıb. Təklifin medianası ay ərzində 3,2 %, il ərzində 11,6 % artıb, modası isə ay ərzində və illik müqayisədə dəyişməz qalıb".

"İlkin mənzil bazarında isə qiymətlərdə (1 kvadrat metrə görə ) bir öncəki ayla müqayisədə 0,7 %, il ərzində 21,85 % artım müşahidə edilib. İlkin mənzillər üzrə təklif sayı ay ərzində 1,4 %, il ərzində 68,5 % artıb.

Mənzillərin kirayəsi bazarında qiymətlərdə (1 kvadrat metrə görə) ay ərzində 9,7 % azalma, illik müqayisədə isə 13,5 % artım qeydə alınıb. Mənzillərin kirayəsi üzrə təklif sayı ay ərzində 0,5 %, il ərzində 40,2 % artıb”, - deyə ekspert qeyd edib.

Fərdi yaşayış və bağ evləri bazarı

N.İbrahimovun sözlərinə görə noyabr ayında paytaxtda fərdi yaşayış və bağ evlərinin satış qiymətində (1 kvadrat metrə görə) oktyabr ayına nisbətən 19,1 % artım, son 1 ildə isə 0,8 % azalma olub: "Bazarda təklif sayı ay ərzində 1,4 % azalıb, il ərzində 10,9 % artıb. Fərdi yaşayış və bağ evlərinin kirayəsi bazarında noyabr ayı ərzində qiymətlərdə (1 kvadrat metrə görə) 19,3 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 4,7 % azalma qeydə alınıb. Günlük kirayəyə verilən fərdi yaşayış və bağ evlərinin qiyməti ay ərzində 19,2 %, il ərzində 29,2 % artıb. Fərdi yaşayış və bağ evlərinin kirayəsi üzrə təklif sayı ay ərzində 5,9 % azalıb, il ərzində 29,05 % yüksəlib”.

Kommersiya obyektləri bazarı

N.İbrahimov ötən ay Bakıda kommersiya obyektlərinin satışının (1 kvadratmetrə görə) oktyabr ayına nisbətən 8,1 %, son 1 ildə isə 0,6 % artdığını deyib: “Bazarda təklif sayı ay ərzində 0,5 %, il ərzində 27,1 % yüksəlib. Obyektlərin icarə qiymətləri isə (1 kvadrat metrə görə) ay ərzində 1,6 % artıb, il ərzində isə 9 % azalıb. Kommersiya obyektlərinin icarəsi üzrə təklif sayında ay ərzində 0,1 %, il ərzində 42,8 % artım olub”.

Torpaq və tikinti materialları bazarı

O, qeyd edib ki, noyabr ayında Bakıda torpaq (1 sota görə) oktyabr ayına nisbətən 5,1 % ucuzlaşıb, son 1 ildə isə 25,8 % bahalaşıb: “Torpaq bazarında təklif sayı ay ərzində 2,35 %, il ərzində 53,4 % artıb".

"Tikinti materialları bazarında isə ötən ay qiymətlər 0,4 % azalıb, il ərzində isə 19 % artıb. Dəmir məmulatlarının qiymətində ay ərzində 4,8 %, il ərzində 1,4 % azalma, taxta məmulatlarının qiymətində ay ərzində 4,8 %, il ərzində 13 % azalma, diktin qiymətində ay ərzində 14,9 %, il ərzində 30 % azalma, dam örtüklərinin qiymətində həm ay, həm il ərzində 13 % azalma, sementin qiymətində ay ərzində 8,3 %, il ərzində 10,7 % azalma, qumun qiymətində ay ərzində 7,4 %, il ərzində 3,85 % azalma, şüşənin qiymətində həm ay, həm il ərzində 12,5 % azalma qeydə alınıb", - deyə ekspert əlavə edib.

Digər xəbərlər