Bu ilin fevral ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər yanvar ayına nisbətən 1,3 %, illik müqayisədə isə 4,64 % artıb.
Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, fevralda paytaxtda təkrar mənzillərin qiyməti 2,29 % azalıb, il ərzində isə 1,43 % artıb. Təkrar mənzil bazarında bahalı mənzillərin (1 kvadrat metrin qiyməti 2 550 manatdan çox) qiymətində ay ərzində 7,79 %, il ərzində 7,22 % azalma, orta mənzillərin qiymətində (1 kvadrat metrin qiyməti 1 700-2 500 manat çivarında) ay ərzində 1,22 %, il ərzində 0,05 % artım, ucuz mənzillərin (1 kvadrat metrin qiyməti 1 700 manata qədər) qiymətində isə ay ərzində 0,37 %, il ərzində 2,03 % artım qeydə alınıb.
N. İbrahimov bildirib ki, fevral ayında ilkin mənzil bazarında qiymətlərdə bir öncəki ayla müqayisədə 1,63 %, il ərzində 2,65 % artım müşahidə edilib. İlkin mənzil bazarında ucuz mənzillərin (1 kvadrat metrin qiyməti 1 190 manata qədər) qiyməti ay ərzində 2,12 %, il ərzində 1,8 % azalıb, orta mənzillərin (1 kvadrat metrin qiyməti 1 190-2 040 manat çivarında) qiyməti ay ərzində dəyişməyib, il ərzində 1,92 % artıb, bahalı mənzillərin (1 kvadrat metrin qiyməti 2 040 manatdan çox) qiymətində isə ay ərzində 2,3 %, il ərzində 3,17 % ucuzlaşma olub.
"Mənzillərin kirayəsi bazarında bu ilin yanvar ayı ərzində qiymətlərdə 4,41 %, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 17,42 % azalma qeydə alınıb. Ucuz mənzillərin (aylığı 500 manata qədər) kirayə qiymətlərində ay ərzində 0,72 % azalma, il ərzində 3,01 % artım, orta mənzillərin (aylığı 500-1000 manat çivarında) kirayə qiymətlərində ay ərzində 3,67 %, il ərzində 4,21 % azalma, bahalı mənzillərin (aylığı 1 000 manatdan çox) kirayə qiymətlərində ay ərzində 3,64 %, il ərzində 3,51 % azalma müşahidə edilib", - N. İbrahimov qeyd edib.