Bakıda daşınmaz əmlak 20 %-ə yaxın bahalaşıb

Bu ilin aprel ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər mart ayına nisbətən 2,7 %, illik müqayisədə isə 19,3 % çox olub.

Bu barədə "Report"a açıqlamasında “Vecon Consulting” şirkətinin təsisçisi, iqtisadçı ekspert Vüqar Oruc məlumat verib.

İlkin və təkrar mənzil bazarı

Onun sözlərinə görə, ilkin mənzil bazarında qiymətlər (1 kvadrat metrə görə) aylıq müqayisədə 1,7 %, illik müqayisədə isə 22,1 % artım nümayiş etdirib. Bazarda təklif sayı ay ərzində 1,5 %, il ərzində isə 31 % artıb.

“Təkrar mənzil bazarında isə yeni tikililərdə qiymətlər (1 kvadrat metrə görə) ay ərzində 4,9 %, il ərzində 20,3 %, köhnə tikililərdə qiymətlər (1 kvadrat metrə görə) ay ərzində 2,9 %, il ərzində 19 % artıb. Bazarda təklif sayında ay ərzində 1,2 % azalma, il ərzində 20,2 % artım olub", - deyə ekspert əlavə edib.

Bundan başqa, V.Oruc bildirib ki, mənzillərin kirayəsi bazarında isə qiymətlərdə (1 kvadrat metrə görə) ay ərzində 7,1 % azalma, il ərzində 19,4 % artım qeydə alınıb. Mənzillərin kirayəsi üzrə təklif sayı ay ərzində 3,5 %, il ərzində isə 29,8 % artıb.

Fərdi yaşayış və bağ evləri

Ekspertin sözlərinə görə, aprel ayında paytaxtda fərdi yaşayış və bağ evlərinin satış qiymətində (1 kvadrat metrə görə) mart ayına nisbətən 7,8 %, son 1 ildə isə 14 % artım olub: “Bazarda təklif sayı ay ərzində 2,5 % azalıb, il ərzində 7,6 % artıb. Fərdi yaşayış və bağ evlərinin kirayəsi bazarında aprel ayı ərzində qiymətlərdə (1 kvadrat metrə görə) 16,5 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 27,2 % artım qeydə alınıb. Günlük kirayəyə verilən fərdi yaşayış və bağ evlərinin qiyməti ay ərzində 11,2 %, il ərzində 31 % artıb. Fərdi yaşayış və bağ evlərinin kirayəsi üzrə təklif sayı ay ərzində 19,5 %, il ərzində 2,2 % azalıb”.

Kommersiya obyektləri

V.Oruc bu ilin aprel ayında Bakıda kommersiya obyektlərinin satış qiymətinin (1 kvadrat metrə görə) mart ayına nisbətən 3,1 %, son 1 ildə isə 4,9 % artdığını deyib: “Bazarda təklif sayı ay ərzində 2 % azalıb, il ərzində 14,9 % yüksəlib. Obyektlərin icarə qiymətləri isə (1 kvadrat metrə görə) ay ərzində 3,8 %, il ərzində isə 9 % artıb. Kommersiya obyektlərinin icarəsi üzrə təklif sayında 4,7 % artım olub, il ərzində bu göstərici 15 % yüksəlib".

Torpaq sahələri

V.Oruc qeyd edib ki, ötən ilin aprel ayında mart ayına nisbətən Bakıda torpaq (1 sota görə) 8 %, son 1 ildə isə 25,3 % bahalaşıb: “Torpaq bazarında təklif sayı ay ərzində 2,1 %, il ərzində 27 % artıb".

Digər xəbərlər