Gələcəkdə Azərbaycanda gömrük siyasətinin strateji baxışı bir neçə əsas istiqamətdə formalaşacaq.
"Report" xəbər verir ki, bunu ölkə Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, aparılan islahatların davamlı olaraq ticarət prosedurlarının optimallaşdırılması və sərhəd-keçid sisteminin modernləşdirilməsi prioritet olaraq saxlanılmalıdır: "Rəqəmsal həllərin tətbiqi və prosedurların azaldılması əməliyyatların sürətlənməsinə şərait yaradacaq, ölkənin qlobal ticarət zəncirinə daha çevik inteqrasiyasını təmin edəcək.
Qeyri-qanuni dövriyyə ilə mübarizə, subyektivlik risklərinin azaldılması və biznes mühitində bərabər rəqabət şəraitlərinin təmin olunması gələcəkdə də prioritet olmalıdır. İnsan kapitalının inkişafı, data əsaslı qərar qəbul etmə, "yaşıl gömrük" təşəbbüsləri və rəqəmsal transformasiya müasir idarəetmənin əsas elementləri olaraq qalacaq".
"Növbəti mərhələdə gömrük və biznes münasibətlərinin tənzimlənməsi sahəsində əsas prioritet "Etibarlı Tərəfdaşlığın" vicdanlı sahibkarların dəstəklənməsi olmalıdır. Vicdanlı sahibkarlara hərtərəfli dəstək və xüsusi diqqət göstərilməlidir. Eyni zamanda qanunsuz əməliyyatlara qarşı təbii ki, sərt tədbirlər tətbiq edilməli və bazarın etibarlılığı artırılmalıdır. Bu yanaşma Azərbaycanın gömrük-logistika sistemini yüksək etimada malik və sahibkaryönümlü institusional modelə çevirəcək", - deyə Ş.Mövsümov əlavə edib.