Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın növbəti iclasında bu sahədə görülən işlər müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Rəqabətqabiliyyətli yerli istehsalın inkişafı və ixrac imkanlarının genişləndirilməsi kimi istiqamətləri nəzərdən keçirərək təşkilata üzvolma prosesi çərçivəsində aparılan danışıqlarda atılacaq növbəti addımları qərarlaşdırdıq", - nazir qeyd edib.
İclasda çıxış edən Komissiya rəhbəri Mikayıl Cabbarov qeyd edib ki, ölkə başçısı tərəfindən müəyyən edilmiş əsas hədəflərdən biri yeni çağırışların müşahidə olunduğu müasir dövrdə Azərbaycanın davamlı və dayanıqlı iqtisadi artımına nail olmaqdır: "Bu kontekstdə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir".
Xatırladaq ki, Azərbaycan 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatında müşahidəçi statusuna malikdir. O, ÜTT üzv ölkələri ilə danışıqlara 2004-cü ildən başlayıb. Azərbaycan ABŞ, Avropa İttifaqı (Aİ), Norveç, İsveçrə, Rusiya, Kanada, Hindistan, Malayziya, İndoneziya, Cənubi Koreya, Argentina, Braziliya, Səudiyyə Ərəbistanı daxil olmaqla ümumilikdə ÜTT-in 18 üzvü ilə mallar və xidmətlər üzrə danışıqlar aparır.