Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 2,65 min ABŞ dolları dəyərində dəniz ilbizi idxal edib.
“Report” "Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bunu Şərqi Qara Dəniz İxracatçılar Birliyi İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan bildirib.
Onun sözlərinə görə, 7 ay ərzində Türkiyə ümumilikdə 9,765 milyon ABŞ dolları dəyərində 935 ton dəniz ilbizi ixrac edib. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2 dəfə və 26 % çoxdur.
Hesabat dövründə Türkiyədən ən çox dəniz ilbizi idxal edən ölkə Cənubi Koreya (4,184 milyon ABŞ dolları) olub. Onu Çin (2,277 milyon ABŞ dolları), Yaponiya (1,535 milyon ABŞ dolları), İspaniya (1,452 milyon ABŞ dolları), Tayvan (308,5 min ABŞ dolları) və Gürcüstan (4,8 min ABŞ dolları) izləyib.
Hesabat dövründə Türkiyənin dəniz ilbizi ixracından əldə etdiyi gəlirin 61 %-i Qaradəniz bölgəsinin payına düşüb.