Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycana 17,2 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 43 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın tekstil və tekstil məmulatları ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 194,5 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları satıb ki, bu da bir il əvvəlki göstəricidən 5 % azdır.
O cümlədən, Gürcüstandan Türkiyəyə 101,8 milyon ABŞ dolları dəyərində, Ermənistana 34,8 milyon ABŞ dolları dəyərində, Polşaya 9 milyon ABŞ dolları dəyərində, İtaliyaya 6,7 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 240 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları ixrac edib ki, bunun da 14,2 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan adıçəkilən məhsulların tədarükünə çəkdiyi xərci 6,4 % azalıb.