2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 520 milyon ABŞ dolları dəyərində 18 986 ədəd hibrid avtomobil (daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 76 %, kəmiyyət olaraq – 61 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 221,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,6 dəfə çoxdur) 8 488 ədəd (+5,3 dəfə), Yaponiyadan 78,8 milyon ABŞ dolları dəyərində (+3 %) 5 268 ədəd (-13 %), Almaniyadan 66,5 milyon ABŞ dolları dəyərində (-23 %) 1 054 ədəd (-18 %), Amerika Birləşmiş Ştatlarından 53,2 milyon ABŞ dolları dəyərində (+61 %) 1 379 ədəd (+8 %), Cənubi Koreyadan 32,6 milyon ABŞ dolları dəyərində (+94 %) 1 406 ədəd (+95 %) hibrid avtomobili alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Albaniyadan (8,4 min ABŞ dolları dəyərində 1 ədəd) tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycana 20 ölkədən idxal edilmiş 14 min ədəd hibrid avtomobilin 48,3 %-i Yaponiyanın payına düşüb.