Nazirlik rəsmisi: "Balıqların təbii kürüləmə yerləri məhdudlaşıb"

Son onilliklər ərzində Xəzər dənizinə tökülən çaylar üzərində su anbarlarının tikintisi balıqların təbii kürüləmə yerlərini məhdudlaşdırıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib.

Onun sözlərinə görə, bəzi balıq növləri nəsli kəsilmə təhlükəsi altındadır: "Bunlardan biri Xəzər qızılbalığıdır. Ona demək olar ki, rast gəlinmir. Belə balıqlar Xəzər dənizindən şirin su hövzələrinə gedir, bəndlərdə, suyun daha təmiz yerlərində kürü tökürlər. Bu balıqların nəslinin təbii yolla bərpası imkanları minimuma düşüb. Burada başqa səbəblər də var. İqlim dəyişikliyi, yem bazasının azalması, plankton-bentos miqdarlarının müxtəlif illərdə müxtəlif cür dəyişməsi bu növlərin nəsli kəsilmə təhlükəsini artırıb. Həmin nəsli kəsilməkdə olan növlərin yenidən bərpası və sonrakı illərdə davamlılığının təmin edilməsi mütləq şərtdir. Dünyadakı yanaşma odur ki, ehtiyatlar ovlanılırsa bərpa olunmalıdır", - deyə o qeyd edib.

Digər xəbərlər