Nazirlik rəsmisi: "Balıq bazarında idxal məhsulları üstünlük təşkil edir"

Hazırda Azərbaycanın balıq bazarında idxal məhsulları üstünlük təşkil edir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib.

"Balığa olan tələbat tamamilə yerli istehsal hesabına qarşılanacaq desək, bu düzgün olmaz. Azərbaycanda akvakultura məhsulları farel, qızılbalıq və çəki kimilərdir. Eyni zamanda bizim balıqçılıq ənənələri nərəkimilərlə bağlıdır, bunların ciddi akvakultura potensialı var. Dəniz krevetləri və yaxud Atlantik okeanına xas somon kimi məhsullar da var. Bunlar isə Azərbaycanın iqlim şəraitinə, su hövzələrinin duzluluğuna uyğun deyil və ölkəyə idxalı təbiidir", - deyə o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycana balıq məhsullarının gətirildiyi İran və Türkiyə kimi ölkələrdə yem daha ucuz başa gəlir: "O səbəbdən də onların akvakultura məhsullarının maya dəyəri daha aşağıdır. Odur ki, biz akvakultura təsərrüfatlarının subsidiyalaşdırılmasını əsas hədəf götürmüşük. ​Təsərrüfatlarının qeydiyyatı və pasportlaşdırılması şəxsi məsuliyyət dərəcəsindədir".

Digər xəbərlər