Nazir: "Yeni sərgi formatı beynəlxalq təcrübə mübadiləsini genişləndirəcək"

Regionun aparıcı aqrar platformalarından biri kimi mövqeyini möhkəmləndirmiş "Caspian Agro" sərgisi bu il yeni konseptual yanaşma - "Caspian Agro Week" formatında təşkil olunur.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakı Ekspo Mərkəzində işə başlamış Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") açılış mərasimində bildirib.

"Bu yanaşma çərçivəsində sərgi yalnız məhsul və texnologiyaların nümayişi ilə məhdudlaşmır, sektorun müxtəlif istiqamətlərini əhatə edən forumlar, həmçinin ölkədə fəaliyyət göstərən iri ixtisaslaşmış innovativ təsərrüfatlara təşkil olunan səfərləri özündə birləşdirir", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, bu il tədbirin "Caspian Agro Week" formatında keçirilməsi forumlar, panel müzakirələri və işgüzar görüşlər vasitəsilə aqrar sahənin aktual məsələlərinin daha geniş şəkildə müzakirəsinə imkan yaradır: "Bu platforma dövlət, özəl sektor, elm və innovasiya nümayəndələri arasında səmərəli əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edir. Xüsusilə qeyd etmək istərdim ki, sərgi həftəsi çərçivəsində bu il bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri və rəsmi nümayəndə heyətlərinin iştirak etməsi tədbirin beynəlxalq əməkdaşlıq platforması kimi əhəmiyyətini və aqrar sahədə tərəfdaşlıq imkanlarının genişləndiyini bir daha sübut edir".

"Əminəm ki, sərgi çərçivəsində keçiriləcək görüşlər və müzakirələr yeni tərəfdaşlıqların qurulmasına, innovativ təşəbbüslərin təşviqinə və aqrar sektorun davamlı inkişafına mühüm töhfə verəcəkdir. Bir daha sərgi iştirakçılarına uğurlar arzulayır, platformanın yaratdığı imkanlardan səmərəli istifadə etməyə dəvət edirəm", - deyə M.Məmmədov çıxışını yekunlaşdırıb.

Digər xəbərlər