Bu payız birillik bitkilər üçün kreditlərin faizlərini dövlət qarşılayacaq.
"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu rayonda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş tədbirdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində kreditlərin verilməsi, daha doğrusu, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən veriləcək kreditlərə və özəl banklar tərəfindən veriləcək kreditlərə faiz subsidiyası mexanizmi artıq təsdiqlənib.
O qeyd edib ki, həm Aqrar Kredit və İnkişaf Agentliyi çərçivəsində, həm də Aqrar Sığorta Fondu çərçivəsində bu mexanizmin tətbiqi həyata keçiriləcək: "AKİA çərçivəsində birillik bitkilərə ilk dəfə olaraq bu payız limitli şəkildə veriləcək kreditlərin, yəni birillik və mövsümi kreditlərin faizlərinin dövlət tərəfindən qarşılanması nəzərdə tutulub."
O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda aqrar sektorun inkişafı ilə müxtəlif istiqamətli işlər görülür: "Bağçılıq istiqamətli, su infrastrukturun çəkilməsi istiqamətində işlər görülür. Özəl sektor tərəfindən səsləndirilən quşçuluq layihəsi və eləcə də müasir suvarmanın genişləndirilməsi layihələri icra olunması nəzərdə tutulub".