2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycana xaricdən 327,814 milyon ABŞ dolları dəyərində 952 min 968 ton buğda (toxumluqdan başqa) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 7,7 % çoxdur.
Hesabat dövründə Rusiyadan 261,231 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9,7 % çoxdur) 758 min 508 ton (-12,2 %), Qazaxıstandan 66,543 milyon ABŞ dolları dəyərində (+12,3 dəfə) 194 min 415 ton (+9,3 dəfə) və Türkiyədən 39,4 min ABŞ dolları dəyərində 45 ton (bir il əvvəl tədarük olmayıb) məhsul idxal edilib.
Oktyabrda Azərbaycan buğdanı əsasən Rusiyadan alıb. Həmin ölkədən tədarükün həcmi oktyabrda öncəki 9 ayın göstəricisi ilə müqayisədə 30 % artıb.
Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi (6 ölkədən) 1,148 milyon ton buğdanın 95,3 %-i Rusiyanın payına düşüb.