Biləsuvar rayonunda yerləşən bazarda şəraitsizlik və xüsusilə həftənin bazar günü kənd təsərrüfatı məhsullarının satışı olan ərazidə sanitariya-gigiyena qaydalarına tam əməl edilməməsi sakinləri narahat edir.
Bu barədə "Report"un yerli bürosuna rayon sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, bazar günləri bura gəlib alış-veriş etmək sərfəlidir:
"Ancaq şəraitsizlik ucbatından könülsüz gəlməli oluruq. Bazar ərazisində yolun tam bərbad olması isə qış fəslində hərəkəti çətinləşdirir. Dayanacaqdan ümumiyyətlə danışmağa dəyməz, kim harda yer tapdı avtomobilini saxlayır. Nizamsız piştaxtalarda və ya yerə tökülərək satılan kənd təsərrüfatı məhsulları küləkli havada toza batır. Bazarlıqdan sonra nəqliyyatın nizamsız hərəkəti də əsas yola çıxmaqda ciddi çətinliklər yaradır".
Məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətindən bildirilib ki, bazar özəl sahibkarlıq müəssisəsi olmaqla uzun illərdir fəaliyyət göstərir:
"Bazarın bir hissəsində yaranmış antisanitariya vəziyyətini və yanğın təhlükəsizliyini aradan qaldırmaq üçün müxtəlif vaxtlarda aidiyyəti təşkilatlarla birlikdə reydlər keçirilib. Reydlər zamanı həm bazar rəhbərliyi, həm də ticarətçilərlə maarifləndirici söhbətlər aparılıb, kənd təsərrüfatı məhsullarının uyğun olmayan şəraitdə ticarətinin aparılmasının düzgün olmadığı onlara izah edilərək qısa müddətdə qeyd olunan nöqsanların aradan qaldırılması tövsiyə olunub. Bundan əlavə, bazarda yanğın təhlükəsizliyinə əməl olunması üçün işlərin təcili görülməsi və avtomobillərin parklanması üçün yerlərin müəyyənləşdirilməsi bazar rəhbərliyinin diqqətinə çatdırılıb".