Bakıda VI "Qızıl Şah" Milli Kulinariya Çempionatı keçirilir

Mayın 5-də 31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində "Qızıl Şah" Milli Kulinariya Çempionatına start verilib.

"Report" xəbər verir ki, 4 gün davam edəcək çempionat Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Usta Aşpazlar Cəmiyyətləri Assosiasiyasının ("Wordlchefs") tərəfdaşlığı ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunub.

5-8 may tarixlərini əhatə edəcək çempionatın keçirilməsində əsas məqsəd qastronomiyanın inkişafına töhfə vermək, o cümlədən qastroturizm potensialının genişləndirilməsini, qaliblərin beynəlxalq yarışlarda iştirakını, kulinariya üzrə beynəlxalq aşpazların təcrübəsinin mənimsənilməsi ilə bacarıqlarının inkişaf etdirilməsini, eləcə də milli mətbəx nümunələrimizin hazırlanma metodologiyasının dünya aşpazları tərəfindən öyrənilməsini, bütövlükdə ölkəmizin qastroturizm destinasiyası kimi tanınmasını təmin etməkdir.

Builki çempionatın proqramına fərdi aşpaz kateqoriyaları, şirniyyatçılıq sənəti, komanda yarışları və gənclər (junior) kateqoriyaları daxildir. Bu il çempionatda innovasiyalara, davamlı inkişafa və milli kulinariya ənənələrinin müasir beynəlxalq tendensiyalarla vəhdətinə xüsusi diqqət yetirilir. Yarışlarda Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Serbiya, Rusiya, Belarus, Xorvatiya, Rumıniya və Ukraynadan komandalar iştirak edir.

6-cı "Qızıl Şah" Milli Kulinariya Çempionatının münsiflər heyəti ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və digər ölkələrdən olan, "Worldchefs" tərəfindən lisenziyalaşdırılmış beynəlxalq hakim-aşpazlardan ibarətdir.

Qeyd edək ki, 2019-cu ildən etibarən keçirilən çempionatda yerli və əcnəbi aşpazlar individual, həmçinin komanda şəklində müxtəlif yarış kateqoriyalarında iştirak edirlər. "Qızıl Şah" Milli Kulinariya Çempionatı 2024-cü ildən etibarən "Wordlchefs" ilə birgə təşkil edilən "Gold Shah" kontinental (qitə) aşpazlar çempionatına ev sahibliyi etmək hüququnu əldə edib. "Wordlchefs" tərəfindən rəsmi olaraq tanınan ilk yerli çempionat kimi "Qızıl Şah" Milli Kulinariya Çempionatı digər ölkələrin də komandalarını qəbul etmək imkanı qazanıb. Bundan əlavə, beynəlxalq tanınma nəticəsində müsabiqənin qaydaları təkmilləşdirilərək daha yüksək səviyyəli hakimlər münsiflər heyətinə cəlb edilib.

"Qızıl Şah" çempionatı kulinariya sahəsində yeni istedadların üzə çıxarılması, təcrübə mübadiləsi və Azərbaycanın qastronomiya mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması üçün mühüm platforma olaraq inkişafını davam etdirir.

Digər xəbərlər