Azərbaycan Sinqapurdan düyü idxal etməyə başlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 14 milyon ABŞ dolları dəyərində 16 min ton düyü idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq – 46,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Hindistandan 12,843 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 68 % çoxdur) 14 min 552 ton (+72 %), Tailanddan 292 min ABŞ dolları dəyərində 400 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 283 min ABŞ dolları dəyərində (+1286 dəfə) 338,3 ton (+4225 dəfə), Pakistandan 279 min ABŞ dolları dəyərində (+78 %) 450 ton (+2,7 dəfə), Qazaxıstandan 220,1 min ABŞ dolları dəyərində (-41 %) 290,4 ton (-59 %) düyü gətirib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sinqapurdan (0,06 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.

Qeyd edək ki, 2022-ci il ərzində Azərbaycana idxal edilən (22 ölkədən) 50 min 236 ton düyünün 74,8 %-i Hindistanın payına düşüb.

Digər xəbərlər