2022-ci il ərzində Azərbaycan 167,61 milyon ABŞ dolları dəyərində 141 min 419 ton pomidor ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 5 % çoxdur, kəmiyyət olaraq – 3 % azdır.
Azərbaycan Rusiyaya 161,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,6 % çoxdur) 137 min 587 ton (-2 %), Belarusa 5,1 milyon ABŞ dolları dəyərində (+7 dəfə) 2 min 860 ton (+3,1 dəfə), Polşaya 556 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 392 ton (+2,8 dəfə), Ukraynaya 229 min ABŞ dolları dəyərində (-70 %) 311 ton (-81 %), Birləşmiş Ərəb Əmirliklərinə 59,4 min ABŞ dolları dəyərində (-78,5 %) 80 ton (-91,5 %) məhsul göndərib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Litvaya (7 min ABŞ dolları dəyərində 17,24 ton), Sloveniyaya (5,8 min ABŞ dolları dəyərində 17,5 ton) və Sinqapura (0,37 min ABŞ dolları dəyərində 0,02 ton) pomidor tədarükü həyata keçirilib. İki il 3 aylıq aradan sonra Niderlanda ixrac bərpa edilib.