Azərbaycan Moldovanın üzümçülük və şərabçılıq sahəsində qabaqcıl texnologiyaların və nou-hauların ötürülməsində maraqlıdır.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir müavini İlhamə Qədimova 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") sərgisi çərçivəsində Azərbaycanda səfərdə olan Moldovanın Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin Baş katibi Sergiu Gerciu ilə görüşündə bildirilib.
Nazir müavini onlara "Caspian Agro" sərgisi, həmçinin Azərbaycanda aqrar sektorun mövcud vəziyyəti, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri haqqında ətraflı məlumat verib. Bildirib ki, kənd təsərrüfatı iki ölkə arasında əməkdaşlıq üçün ən perspektiv sahələrdən biridir. Nazir müavini Moldovanın üzümçülük və şərabçılıq sahəsində zəngin tarixə və uğurlu təcrübəyə malik olduğunu və bu sahədə qabaqcıl texnologiyaların və nou-hauların ötürülməsində maraqlı olduğumuzu diqqətə çatdırıb.
S. Gerciu ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.
Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.