Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 765,6 min ABŞ dolları dəyərində 295,1 ton hind qozu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16,6 %, kəmiyyət olaraq – 24,7 % azdır.
Hesabat dövründə İndoneziyadan 455,38 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 % azdır) 153,52 ton (-40 %), Vyetnamdan 207,87 min ABŞ dolları dəyərində (+7,2 %) 97,36 ton (-10 %), Kot-divuardan 50,29 min ABŞ dolları dəyərində (+2 %) 25,14 ton (-1 %), Çindən 19 min ABŞ dolları dəyərində 9,5 ton, Tailanddan 12,38 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 2,48 ton (+97 %) məhsul alınıb.
Beş il 3 aylıq aradan sonra Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ), 2 il 2 aylıq fasilənin ardından Çindən tədarük bərpa edilib. BƏƏ-dən 0,02 min ABŞ dolları dəyərində 0,01 ton qoz idxal edilib.
Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi 540 ton hind qozunun 68 %-i İndoneziyanın payına düşüb.