Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 4,8 milyon ABŞ dolları dəyərində 3 min 170 ton yer fıstığı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 14 % azdır.
Hesabat dövründə Azərbaycan Hindistandan 1,55 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 dəfə çoxdur) 1 min 26 ton (+19 dəfə), Özbəkistandan 1,15 milyon ABŞ dolları dəyərində (-51 %) 898,1 ton (-51 %), Argentinadan 950 min ABŞ dolları dəyərində (+40 %) 575,1 ton (+35 %), Braziliyadan 811,6 min ABŞ dolları dəyərində (-41 %) 491 ton (-44 %), Misirdən 101 min ABŞ dolları dəyərində 62,1 ton yer fıstığı alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Niderlanddan (0,01 min ABŞ dolları dəyərində 0,01 ton) və Misirdən tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (8 ölkədən) idxal edilmiş 5 min 842 ton yer fıstığının 45,8 %-i Özbəkistanın, 25,3 %-i Braziliyanın, 13,4 %-i Türkiyənin, 13,3 %-i Argentinanın payına düşüb.