Azərbaycan daha bir ölkəyə çiyələk ixrac etməyə başlayıb

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan 10,248 milyon ABŞ dolları dəyərində 5 min 754 ton çiyələk və bağ çiyələyi (təzə) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 98,8 % çoxdur.

Rusiyaya 9,876 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2 dəfə artıb) 5 min 488 ton (+2 dəfə), Qazaxıstana 360,12 min ABŞ dolları dəyərində (+96,7 %) 252,68 ton (+51 %) və Belarusa 12,15 min ABŞ dolları dəyərində 13,5 ton məhsul satılıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusa tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycan xaricdən 102,28 min ABŞ dolları dəyərində 40,91 ton çiyələk alıb ki, bu da ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 31 % çoxdur və 2,6 % azdır.

Türkiyədən 87,33 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 12 % artıb) 34,93 ton (-16,1 %) və İrandan 14,94 min ABŞ dolları dəyərində (+23,4 dəfə) 5,98 ton (+18,8 dəfə) məhsul idxal edilib.

Digər xəbərlər