Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 46,4 milyon ABŞ dolları dəyərində 50 min 959 ton düyü idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 5,75 % çoxdur.
Hesabat dövründə Azərbaycan Hindistandan 39,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % çoxdur) 42 min 589 ton (+19 %), Çindən 2,62 milyon ABŞ dolları dəyərində (+43 dəfə) 3 min 200 ton (+30 dəfə), Pakistandan 1,81 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 2 min 232 ton (+2,2 dəfə), Vyetnamdan 997 min ABŞ dolları dəyərində (+295 dəfə) 1 min 221 ton (+412 dəfə), Tailanddan 705 min ABŞ dolları dəyərində (-25 %) 970 ton (-21 %) düyü alıb.
Azərbaycan 3 il 4 aylıq fasilənin ardından Avstraliyadan (20,25 min ABŞ dolları dəyərində 25 ton) düyü tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (22 ölkədən) idxal edilmiş 50 min 236 ton düyünün 74,8 %-i Hindistanın, 11,5 %-i Qazaxıstanın, 8,3 %-i Rusiyanın payına düşüb.