Bakı. 9 fevral. REPORT.AZ/ “AS Group Investment” şirkətlər qrupuna daxil olan “AS Agro Co.” şirkəti fevralın 7-9-da Berlində (Almaniya) keçirilən "Fruit Logistica" beynəlxalq meyvə-tərəvəz sərgisində iştirak edir.
Bu barədə “Report”a şirkətdən məlumat verilib.
Məlumatda deyilir ki, Şirkət Hövsanda yerləşən “Abşeron Aqro Parkı”nın məhsulları ilə təmsil olunub.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə 9 ixracatçı Azərbaycan şirkətinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə bu beynəlxalq sərgidə ziyarətçilərə təqdim edilir. Berlin sərgisində 84 ölkədən 3 200-ə yaxın şirkət iştirak edir.
"Abşeron Aqro Park" meyvə və tərəvəz istehsalı, çeşidlənməsi, qablaşdırılması, saxlanması və logistikası zəncirini həyata keçirən bir layihədir. Hövsanda hazırda pomidor və çiyələk istehsal olunur və bu məhsulların yerli bazara ünvanlanmaqla yanaşı, həmçinin MDB ölkələrinə, Fars körfəzi ölkələrinə və Avropaya ixracı nəzərdə tutulub. "Abşeron Aqro Park"ın tam fəaliyyəti zamanı 3 500 nəfərədək şəxs işlə təmin ediləcək.