"Ümid" yatağından indiyədək hasil olunan qazın həcmi açıqlanıb

"Ümid" yatağından indiyədək hasil olunan qazın həcmi açıqlanıb Xoşbəxt Yusifzadə: "Yeni quyuya böyük ümidlər bəsləyirik"
Energetika
29 Avqust , 2016 13:08
Ümid yatağından indiyədək hasil olunan qazın həcmi açıqlanıb

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycanda işlənmənin əvvəlindən "Ümid" yatağından ümumilikdə 1 mlrd. kubmetrdən çox qaz və 160 min tondan artıq kondensat hasil edilib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən I Avrasiya konfransında məlumat verib. 

SOCAR rəsmisi qeyd edib ki, hazırda yataqda 10 və 12 nömrəli quyular işləyir. Onun sözlərinə görə, hazırda yataqda dərinliyi 6 500 metr olan yeni 14 nömrəli istismar quyusu qazılır. 

"Quyunun dərinliyi artıq 6 200 metrə çatdırılıb. Bu quyuya böyük ümidlər bəsləyirik. Çünki "Ümid" yatağının işlənilməsi çərçivəsində burada yeni 4 özülün quraşdırılması və bu özüllərdən 19 istismar quyusunun qazılması layihəsi üzərində iş aparılır. Yeni quyudan əldə olunan məlumatların, eləcə də qazmanın nəticəsinin bu məsələdə bizim üçün xüsusi əhəmiyyəti olacaq", - deyə X.Yusifzadə əlavə edib. 

Qeyd edək ki, "Ümid" qaz kondensat yatağını SOCAR 2010-cu ildə kəşf edib. Bu yataq müstəqillik illərində SOCAR-ın kəşf etdiyi ilk yataqdır. İlkin məlumatlara görə, "Ümid" yatağının karbohidrogen ehtiyatları 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmindədir.

Son xəbərlər

Orphus sistemi