SOCAR-ın Gürcüstanda apardığı danışıqların təfərrüatları açıqlanıb

SOCAR-ın Gürcüstanda apardığı danışıqların təfərrüatları açıqlanıb Görüşdə SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstanın baş naziri Georgi Kvirikaşvili iştirak ediblər
Energetika
13 Yanvar , 2016 16:12
SOCAR-ın Gürcüstanda apardığı danışıqların təfərrüatları açıqlanıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Bu gün Tbilisidə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri və Gürcüstan hökuməti arasında keçirilən görüşdə Gürcüstanın qış mövsümündə təbii qaza artan tələbatının tam ödənilməsi üçün mövcud qaz kəmərləri üzrə mövcud texniki vəziyyət və nəqlin artırılması imkanları ilə bağlı məsələlər müzakirə olunub.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə qurumu - “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov bildirib: "Gürcüstan bazarında qaza olan tələbat ildə təxminən 10% artır. Bunu nəzərə alaraq görüşdə əsasən Gürcüstanın artan tələbatının mövcud qaz kəmərlərinin texniki imkanları hesabına təmin edilməsi məsələlərini müzakirə etdik".

M.Məmmədov bundan başqa görüşdə bir çox məsələnin müzakirə olunduğunu, hər hansı məsələ üzrə yekun razılıq əldə olunduqdan sonra bu barədə mətbuata açıqlama veriləcəyini bildirib: "Lakin əsas müzakirəmiz texniki imkanların artırılması, onun qış mövsümünə uyğunlaşdırılması barədə olub".

Qeyd edək ki, görüşdə Azərbaycan tərəfdən SOCAR prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə, "SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov, Gürcüstan tərəfdən isə bu ölkənin baş naziri Georgi Kvirikaşvili, energetika naziri Kaxa Kaladze iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi