Yuxarı

​Zakir Qaralov: “Avropa Parlamentinin qətnaməsi Aİ-Azərbaycan arasında səmərəli əməkdaşlığa və bu əlaqələrin gələcəyinə kölgə salır”

Qətnamə ilə bağlı Azərbaycan nümayəndə heyəti adından bəyanat tədbir iştirakçıları arasında yayılıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ İsveçrənin Sürix şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) Senatının və İcraiyyə Komitəsinin iclasları, o cümlədən BPA-nın 20-ci yubiley İllik Konfransı və Ümumi Yığıncağı keçirilib. Tədbirlərdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun və baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi Prokurorluğun və Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib. “Report”un xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı məlumatda bildirilib.

Senatın iclasında ədliyyə naziri, BPA-nın senatoru və fəxri üzvü Fikrət Məmmədov iştirak edib. İclasda qurumun gələcək inkişaf perspektivləri müzakirə edilib, Azərbaycanın BPA-nın yaradılmasında və sonrakı inkişafında rolu və töhfələri xüsusi vurğulanıb.

İcraiyyə Komitəsinin iclasında Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Komitə üzvü Kamran Əliyev iştirak edib. İclas zamanı cari il ərzində BPA-nın tədbirlərində Azərbaycandan olan fərdi üzvlərinin fəal iştirakı barədə məlumat verilib, gündəlikdə duran təşkilatı məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

İllik Konfransda dünyanın 100-dən çox dövlətindən 500 nəfərin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, mötəbər beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Tədbirin təntənəli açılış mərasimində İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa və BPA-nın prezidenti Qerhard Yaroş çıxış edərək korrupsiya ilə mübarizədə prokurorların vacib rolunu qeyd ediblər, Assosiasiyanın 20 illik tarixinə nəzər salınıb.

Konfransın plenar iclasında çıxış edən Baş prokuror Zakir Qaralov korrupsiyaya qarşı mübarizənin dövlət başçısı İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqaməti olduğunu qeyd edərək, ölkəmizin bu sahədə bütün beynəlxalq təşəbbüslərə qoşulduğunu, beynəlxalq konvensiyaların ölkə qanunvericiliyinə implementasiyasını, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində önəmli addımlar atılaraq Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırıldığını diqqətə çatdırıb.

Bundan başqa, baş prokuror çıxışında Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qəbul edilmiş 10 sentyabr tarixli qətnaməyə münasibət bildirərək ikili standartlar siyasətinin bariz nümunəsi olan bu sənədin qərəzli, destruktiv və bəzi siyasi dairələrin sifarişlərinə və maraqlarına uyğun ölkəmizə qarşı aparılan və sistemli xarakter almış təzyiq kampaniyasının davamı olduğunu qeyd edib.

Bu qətnamə ilə bağlı Azərbaycan nümayəndə heyəti adından müvafiq bəyanat tədbir iştirakçıları arasında yayılıb.

Bəyanatda qeyd olunub ki, son zamanlar Azərbaycan Respublikasında bir sıra iqtisadi, vergidən yayınma və vəzifə cinayətləri törətmiş qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər şəxslərin fəaliyyəti istintaq orqanları tərəfindən ifşa edildikdə və məhkəmələr tərəfindən qanunla nəzərdə tutulmuş qaydada qərarlar qəbul edildikdə bəzi beynəlxalq qurumlar tərəfindən subyektiv mülahizələrə əsaslanan birtərəfli və qərəzli münasibət bildirilir. Avropa Parlamenti kimi mühüm bir təsisat tərəfindən məhkəmə və istintaq orqanlarının fəaliyyətinin əsasını təşkil edən qanunun aliliyi və ədalət mühakiməsinə müdaxilənin yolverilməzliyi kimi mühüm prinsiplərə riayət etmədən 10 sentyabr 2015-ci il tarixdə Azərbaycan haqqında belə qətnamənin tələsik qəbul edilməsi təəccüb hissi doğurduğu bildirilib.

Azərbaycan nümayəndə heyəti bildirib ki, bu kimi hərəkətlər istintaqın və məhkəmənin obyektiv aparılmasına süni əngəllər yaratmaqla bərabər beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradır, həmçinin Azərbaycan Respublikası Avropa İttifaqına daxil olmadığı halda Azərbaycan dövlətinə, xalqımızın milli və mənəvi dəyərlərinə qarşı yönəlməklə ölkənin daxili işlərinə müdaxilə və ədalət mühakiməsinə təzyiqdir, Avropa İttifaqı-Azərbaycan arasında mövcud olan səmərəli əməkdaşlığa və bu əlaqələrin gələcəyinə kölgə salır.

Eyni zamanda bəyan edilib ki, Azərbaycan Respublikasında söz azadlığı, internet azadlığı və jurnalistlərin azad və normal fəaliyyətinin dövlət tərəfindən ən yüksək səviyyədə təmin edilməsinə baxmayaraq konkret jurnalistin döyülməsi nəticəsində ölməsi cinayət hadisəsinin siyasiləşdirilməsi təəccüb hissi doğurur. Qeyd olunub ki, həmin cinayət hadisəsi törədildikdən dərhal sonra istintaq orqanları tərəfindən cinayəti törətmiş 6 şəxs həbs edilib. İstintaqla müəyyən edilib ki, bu cinayət müxbirin sosial şəbəkələrin birində ifadə edilib və şəxsi qərəzliyə səbəb olmuş fikirlərinə görə törədilib və siyasətlə heç bir əlaqəsi olmayıb.

Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti vurğulayıb ki, istənilən ölkədə qeyri-hökümət təşkilatlarının fəaliyyəti şəffaf şəkildə və həmin ölkənin qanunlarına uyğun həyata keçirilməlidir.

Bəyan edilib ki, bəzi dövlətlər öz maraqlarına uyğun olaraq məqsədli şəkildə yaradılmış və ümumi qəbul edilmiş tələbləri, o cümlədən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozmaqla fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının fəaliyyətini maliyyələşdirir, onlara qrant adı altında maliyyə dəstəyi göstərir ki, bu da son nəticədə vergidən yayınma, mənimsəmə cinayətlərinin törədilməsinə və digər neqativ hallara səbəb olur. Aparılmış yoxlamalarla müəyyən edilib ki, bir sıra hallarda qeyri-hökümət təşkilatları qrant adı altında alınmış pulların mənimsənilməsi məqsədilə müxtəlif korrupsiya sxemləri qurub, həmin dövlətlərin vergi ödəyicilərinin maraqlarına zidd olaraq şəxsi məqsədləri üçün istifadə ediblər.

Vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası bu sosial bəlaya qarşı səmərəli mübarizənin ümuməhatəli və çoxşaxəli xarakter daşımaqla, dövlət sektoru ilə yanaşı bütün sahələrdə, o cümlədən özəl və qeyri-hökümət təşkilatlarında aparılmasını tələb edir. Lakin Azərbaycan dövləti tərəfindən görülən bu tədbirlər bəzi dairələrdə anlaşılmaz narazılığa səbəb olur.

Nümayəndə heyəti bəyan edib ki, Azərbaycan Respublikasının Avropa Şurasının üzvü olmaqla Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyası altında olduğu və qeyd olunan əməllərə hüquqi müstəvidə yekun qiymət verilmədiyi halda hər hansı şəxsin təqsirinin olub-olmaması barədə səsləndirilən fikirlər ən azından təəssüf hissi doğurur.

BPA-nın ali orqanı olan Ümumi Yığıncaqda qurumun rəhbər orqanlarına seçkilər keçirilib, növbəti İllik Konfransın 2016-cı ilin sentyabr ayında İrlandiya Respublikasının paytaxtı Dublin şəhərində keçirilməsi qərara alınıb.

Tədbir zamanı Azərbaycan rəsmiləri Assosiasiyanın prezidenti Qerhard Yaroş, həmçinin İsveçrənin Baş prokuroru Maykl Lauber, Rusiyanın Baş prokuroru Yuri Çayka, eləcə də Qazaxıstan, Ukrayna, Albaniya, Çin, Səudiyyə Ərəbistanı, Bəhreyn və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək əməkdaşlığın inkişafına dair müzakirələr aparıblar.

Konfrans çərçivəsində Azərbaycan Respublikasında son 10 il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən jurnallar, bukletlər və baş prokurorun çıxışının mətni tədbir iştirakçılarına paylanıb.

Tədbirdə Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı da iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi