“Report” Ukrayna Xarici İşlər nazirinin müavini Vasil Bodnar ilə müsahibəni təqdim edir.
- Bu günlərdə Azərbaycanın yeni təyin olunmuş səfiri Elmira Axundova etimadnaməsinin surətini sizə təqdim etdi. Söhbətiniz zamanı nələrə diqqət yetirdiniz? İki ölkə arasındakı münasibətlərlə bağlı yeni səfir qarşısında duran ilkin vəzifələr hansılardır?
- Səfir xanımı Ukraynada salamlamaq fürsəti düşdüyü üçün son dərəcə şadam. Ukrayna ilə Azərbaycan ikitərəfli strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirir. Xanım səfirin hərtərəfli dialoqu, konkret məsələlərin həll olunmasını, humanitar əməkdaşlığın inkişaf etdirilməsini əsas götürməsi ürəyimcədir. İkitərəfli münasibətlərimizdə başlıca rolu prezidentlər - Vladimir Zelenski və İlham Əliyev oynayırlar, dövlət başçıları arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzərində müştərək çalışacağıq. Belə ki, nazir müavinləri səviyyəsində videokonfrans formatında siyasi məsləhətləşmələrə dair razılığa gəlmişik. Həmçinin Azərbaycanın koronavirus epidemiyasına qarşı tədbirlərdə köməyinə görə də xanım səfirə təşəkkür etdim.
Bildiyiniz kimi, xanım səfirin anası əslən Dnepropetrovsk vilayətindəndir, məşhur ataman Kosto Qordiyenkonun nəslindəndir. Elmira xanım əvvəllər də dəfələrlə ölkəmizdə olub, bir neçə kitabı Ukrayna dilində nəşr edilib. Yəni Ukrayna xanım səfir üçün heç də yad ölkə deyil və bu da, heç şübhəsiz, onun yeni vəzifəsindəki fəaliyyətinə kömək olacaq. Hörmətli xanım Axundovanın təcrübəsinin iki ölkə arasındakı əməkdaşlıq əlaqələrinin daha da inkişafına yardım olacağına, iki dost xalqın mənafeyinə xidmət edəcəyinə şübhəm yoxdur.
- Ukrayna prezidenti Vladimir Zelenski Qurban və Ramazan bayramlarının dövlət bayramı səviyyəsində qeyd ediləcəyi barədə açıqlama verdi. Bu bəyanatla bağlı nə deyə bilərsiniz?
- Müasir Ukrayna demokratik dəyərlərə söykənən çoxmillətli, çoxmədəniyyətli ölkədir. Ölkə vətəndaşlarının əksəriyyəti xristian etiqadına məxsus olsa da, bizdə müxtəlif dinlərin tərəfdarları, o cümlədən böyük müsəlman icması da özlərini çox rahat hiss edirlər. Ukraynanın ən müxtəlif bölgələrində yaşayan müsəlmanlar cəmiyyətimizin, mədəniyyətimizin ayrılmaz parçasıdır. Donbas bölgəsində Rusiyanın hərbi təcavzünə qarşı vuruşan, Ukraynanın müstəqilliyini qoruyan igid oğullarımız arasında müsəlmanlar da az deyil. Qurban və Ramazan bayramlarının dövlət səviyyəsində qeyd olunması ölkə ərazisində tarixən müxtəlif xalqların və dinlərin mövcudluğunu əks etdirməklə yanaşı, Ukrayna dövlətçiliyinə müsəlmanların verdiyi töhfələrə məntiqi cavab olacaq. Belə bir addım həm də bütün müsəlmanlarla, o cümlədən Rusiyanın hərbi təcavüzü üzündən Krımdakı vətənlərini tərk edərək Ukraynanın qitə ərazisinə köçmək məcburiyyətində qalan bir çox Krım tatarları ilə həmrəyliyi nümayiş etdirəcək.
- Bəs Ukrayna cəmiyyətində belə bir addım necə qəbul olunacaq? Bu qərar toplumda hər hansı dəyişikliyə səbəb olarmı?
- Heç şübhəsiz ki, bu qərar vətəndaşlarımız tərəfindən müsbət qarşılanacaq. Ukrayna xalqı dövlətçiliyini qurarkən Avropa dəyərlərini, azadlıq və demokratiyanı rəhbər tutduğunu dəfələrlə sübut edib. Dözümlülük, qarşılıqlı hörmət bizim topluma xas olan cəhətlərdir, etiqad azadlığı isə quru söz yox, konkret addımlardan ibarət siyasi xətdir. Vətəndaşlarımızın milli, mədəni xüsusiyyətlərinə hörmət Ukraynanın mühüm nailiyyətlərindən olaraq həm qanunlarda, həm da hakimiyyətin gündəlik fəaliyyətində əks olunur. Bayramlarla bağlı qərar eyni zamanda müsəlman adətlərini daha yaxşı tanıtmaqla müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya da töhfə olacaq.
Marina Qonçaruk