"Son səfərlərdə, o cümlədən prezident Mişelin səfərində vurğulandığı kimi, Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır. Biz iqtisadiyyat, innovasiyalar, ticarət, enerji, investisiyalar, infrastruktur və əməkdaşlıq kimi mühüm sahələrdə güclü tərəfdaşlıq şəraitində birlikdə işləməyə hazırıq".
"Report"un xəbərinə görə, bunu Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko oktyabrın 6-da etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.
"Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli Sazişin imzalanması bizim əsas prioritetimiz olacaqdır. Biz əminik ki, bu, nəinki bizim ikitərəfli əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək, eyni zamanda, Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaq", - o vurğiulayıb.